Acı uşaqlıq xatirələri

Bu yazı, god is an astronaut sədaları altında yazılmışdır;

 

 

Biri də var, bütün uşaqlıq acı ola.

Dünən heroin aludəçilərinin sənədli filmdə danışıqlarına baxanda düşündüm, çoxu deyirdi ki, əslində çox gözəl uşaqlıqları keçib və kaş ki yenidən o illərə dönə bilsəydilər. Düşündüm ki bir anlıq, mən heç vaxt uşaqlıq illərimə dönmək istəməzdim. Dönmək istəyənlər xoşbəxtdirlər deyə düşündüm başda, çünki ən azından gözəl bir yaşanmışlıqları var. Ama Sonra bu fikirdən imtina etdim. Bəlkə də pis uşaqlığın keçməsi, yaxşı uşaqlıqdan daha uyğundu. Yəni hər iki fərd gələcəkdə bədbəxt olacaqsa, uşaqlığı pis keçmiş olan daha az bədbəxt olacaq uşaqlığı yaxşı keçmiş olana nəzərən. Çünki müqayisə edəcək bir həyatı olmayacaq. Yaxşı mühitdə böyüyüb pisə düşməyəcək. Elə hey bərbat həyatda olduğu üçün ən azından digərlərinə nisbətən daha az bədbəxtdir.

Məsələn bu bəhs etdiyim heroin aludəçiləri  abş’ın massaçuest ştatından idilər, ən çox burda imiş heroin aludəçiləri abş’da. Nisbət olaraq baxdığımızda kasıb ailələr deyil, əksinə evi işi düzgün həyatı olan ailələrdir. O mühitdə böyümüş uşaq, ailədən ayrıldıqdan sonra böyük bir boşluğa düşür. Yaxşı uşaqlıq, pis gələcək. Və aralarında beyin kimyası fərqli olanlar, həyat oyununu oynamamağı seçir. Sistem də onlara heç oynamamış olsalar belə uduzmuş adını verir. Çox qəribədir. Oyanamağı seçmədiyin oyunda, uduzan adlandırılırsan. Nəysə, məsələ o deyil.

Sonra öz uşaqlığımı xatırladım. Ağır idi. Ağır demək, sırf çox kasıb olmaq deyil. Ağır ağırdır. Tolstoy demiş, xoşbəxt ailələr hamısı eyni cür xoşbəxt ikən, bədbəxt ailələrin hərəsi bir cür bədbəxt olur. Kimisi yalnız olmuş ola bilər, kimisi həmişə təhqir olmuş ola bilər, kimisi kasıb və.s

Hər iki mənada kasıb uşaqlığım keçib, həm maddi həm mənəvi. Və həmişə o yerdən çıxmaq istəmişəm. Yayda uşaqlar bakıdakı qohumlarının yanına göndərilirdi. Mən isə kənddəki qohumların. Babam gilin çox böyük həyəti var idi. O qədər böyük idiki, çəpər yerinə kanalla çəkilmişdi sərhəd. Ama Onlar da kasıb idilər. Heyvanları otarmaq üçün əlimə çubuq alıb təpədə oturanda həmişə, təpədən göy ilə yerin birləşdiyi yerə baxırdım, uzaqlara baxırdım. Orda nə var görəsən deyirdim. Əslində baxdığım yer sadəcə qonşu şəhərin ya kəndlərin torpaqlarıydı.

O təpələrdən oturub uzaqlara baxırdım həmişə, gələcəyi düşünürdüm. Edə biləcək çox bir şeyi yox idi, vaxtım boş olurdu, onun da hamısını xəyal qurmağa xərcləyirdim. O təpələrdən baxırdım, bir gün bütün bu yerlərdən gedəcəyimin xəyalını qururdum. Uzaqlara, bilinməzə qarşı içimdə həmişə durmaq bilməyən bir istək var idi. Görəsən otuz il sonra harda olacam deyirdim. Və bir an öncə böyümək istəyirdim. Həyatımı öz əllərimə almaq. Onda bəlkə, sən bu yay kəndə gedirsən deyəndə, etiraz etmə haqqına sahib ola bilərdim.

Etdiyim çox qəribə bir ritual var idi böyümək uğruna. Tez-tez günəşə baxırdım təpədə oturub. Gözlərim qamaşırdı və gözlərimi qıymaq zorunda qalırdım, nəticədə də göz altı qırışlarımın yaranacağını və böyük görünəcəyimi düşünürdüm.  Böyük görünmək istəyirdim. Bəlkə ciddiyə alardılar deyə. Göz vura bilməyi də günəş öyrətmişdi mənə. Əlimlə birini tutub günəşə baxırdım, və o biri yumulub açılırdı. Ancaq ətrafda göz vura biləcəyim qız yox idi. Olsa da baxmazdılar onsuz. Çirkin və qara idim. Üzümdə günəşin buraxdığı alalar var idi. Qollarım və ayaqlarım tikan və ya ağcaqanadların buraxdığı yara izləri ilə doluydu. Sağlıqsız və kasıb görünürdüm. Bunun əksinə, yayları bakıya gedən varlıqlı dostlarım ağ appaq olurdular, sanki qız dərisi kimi təmiz. Varlıqlı idilər, və qızlar da onlara baxırdı. Mənim yazdığım məktublar zibil qutularında cırılmış halda gəzərkən, xoşladığım qızlar onlarla dost olurdu. Bir qıza bütün hisslərini ortaya qoyaraq yazdığın məktubu zibil yeşiyində görməkdən daha ağır çox şey yox idi. Fərqi yoxdur içində nə yazdığının.

Kənddə, əslində babam və əmimgil çox yaxşı insanıydılar. Sadəcə, mən bir uşaq olaraq, daha fərqli şeylər istəyirdim. Aralarındakı tək uşaq idim. Babam, nənəm, babamın 80 yaşlı bacısı və əmim. Mənə adımı, babamın bacısı vermişdi, və onun üçün xüsusi biriydim. Adımı verdiyi gənc oğlanla nişanlı imiş, sonra ikinci dünya müharibəsinə gedib hamı, o əsir düşüb, və qayıtmayıb. Ondan sonra evlənməmişdi babamın bacısı. Yarası çox böyük idi. Həm mənəvi, həm bədən olaraq. Qocalmışdı. Bədəni yaşlanmışdı artıq, hər gecə onun nalələri ilə yatır, sabah yenə o səslərlə oyanırdıq. Ağrıyırdı. Hər yeri, həm ürəyi, həm bədəni. Onun vaxtı çoxdan keçmişdi. Onu çox istəyirdim və onun üçün ən yaxşısının bir gün səhər oyanmaması olduğunu bilirdim. Ölməsini diləyirdim, bütün ağrılarından qurtulması üçün. Bir əsr yaşamışdı, və özü ilə birlikdə bir əsrin yalnızlığını və yorğunluğunu daşıyırdı. Nə həyat yoldaşı, nə uşaqları var idi. Bəhsi keçən müharibədə onüç bacı qardaşdan on birini itirmişdilər. Babamla o qalmışdı. Məni qucaqlayıb ağlayırdı hər gün. Adımı deyirdi və ağlayırdı. Bəzən onu adıma layiq olaraq qucaqlamaq istəyirdim. Güclü birinin adını daşıyırdım və güclü olmalıydım deyə düşünürdüm. Ona yazığım gəlirdi. Bir uşaq olaraq mənə bu qədəri çox ağır idi. O qocaların yalnızlığı və ağrıları ilə birlikdə böyüyürdüm. Ayda bir dəfə kimsə gəlirdi əmilərimdən, hamılıqla çox sevinirdik. Çünki hamımız yalnız idik, sadəcə, hərə bir cür yalnız idi. Gələnlərin yanlarında mənlə yaşıd uşaq olanda, daha da sevinirdim. Və onları babamın böyük həyətində gəzməyə aparırdım. Meyvə yığırdım onlar üçün. Min bir əziyyətə girir, sırf onları əyləndirmək, vaxtlarını yanımda yaxşı keçirmələrini əldə etməyə çalışırdım. Dostum yox idi. Və istəyirdim. Amma bir nöqtədən sonra sıxılırdılar, və bağdan qayıdıb ailələrinin yanlarına qaçırdılar. Ata, deyirdilər, nə vaxt gedəcik? Nə vaxt gedirik şəhərə. Darıxdıq deyirdilər. Mən də uzaqdan durub boynu bükük baxırdım. Üstüm başım cırıq-cırıq, yamaq dolu və kirli. Kefim pozulurdu, mısmırığımı sallayırdım. Əsəbləşirdim. Küsürdüm. Onların daha maraqlı həyatları olmalıdı idi deməli. Şəhərdə daha çox dostları olmalı idi. Oyuncaqları olmalı idi çoxlu. Hə oyuncaqları. Qatarları var idi görəsən? Mənim oyuncaqlarım, ancaq elə özümün düzəltdiklərim idi. Taxta qılınc və ox. Onlar istəsəydi əgər, onlara da düzəldərdim. Sonra bağda bilinməz düşmanı axtarardıq. Ancaq istəmirdilər. Gedək deyirdilər bu kənddən. Bağa çəkilirdim. Ağacların arasında itirirdim özümü. Bir gün sahib olacağım və onu gəzdirməyimdən sıxılmayacaq olan dostumu düşünürdüm, düşləyirdim, arzulayırdım. Nə gözəl olardı biri çıxıb gəlsəydi də, ona burdakı maraqlı yerləri göstərsəydim deyə bir uşaq kimi (sözün əsl mənasında) küsürdüm. Həyata, taleyə, bəxtimə, nəyə küsəcəyimdən belə əmin deyildim. Böyük ağaclarımız var idi. Iki tut ağacı var idi, çox hündür idilər, yəni lap çox 50 metrmi deyim, bir bina boydamı deyim. Bilmirəm. Əmim onların başına çıxırdı arada, lap başına. Deyirdi ki, ordan hətta dəniz görünür. Dəniz? Necə yəni? Yəni bizim bu çalanın böyük forması? Nə qədər böyük? Hə? Çox? Digər tərəfi görülməyəcək qədər? Bəs nə var o tərəfində? Kimsə gedib? Bəlkə mən gedərəm bir gün? Bəlkə hə? Bəlkə, böyüsəm, gedərəm. Uşaqca suallarımı verməyə də kimsə yox idi ətrafımda. Bir gün böyüyəndə, o tut ağacının başına çıxmaq istəyirdim. Doğurdanda dəniz görünürdü görəsən ordan? Yoxsa məni uşaq yerinə qoyurdu yenə? O tutun başına çıxacaqdım bir gün, sonra da gedib o dənizi görəcəkdim. Hətta, o biri tərəfinə də gedəcəkdim. Nə var idi orda? Dünyanın qurtaracağı? Necə idi görəsən? Yəqin ki, səhərlər oyananda görüş məsafəsi çox az olan şehli hava kimi idi. Heçnə görünmürdü yəqin yaxınlaşdıqca o kənara. Sonra yəqin heç kim bilmirdi o şehin içinə girəndə nə olur, çünki gedənlər ölmüş olmalı idi. Yəni dünyanın kənarı başqa nə cür olmalıydı ki? Yəqin orda qorxulu adamlar var idi, tam o uçurumun kənarında yaşayan kimlərsə var idi görəsən? Yəqin ondan sonrası uçurum idi, və  sonrası qaranlıq. Boş qaranlıq. Dünyanın axırı. Itlərimiz var idi bizim, o itlərlə getsəydim ora, dünyanın kənarına, yəqin heç kim mənə heçnə eləməzdi. Çox idilər, böyük həyəti qorumaq üçün oğrulardan, tülküdən, çaqqaldan. Onları aparsaydım özümlə? Hə? Bəs ordakı itlər? Düzdü, orda da başqa itlər ola bilərdi, neyləyə bilərdim? At. Atı var idi əmimin. Ona minsəydim, onda ayaqlarım yerdən hündür olardı. Başqa itlər tullansa çatmazdı, həm ona qədər bizim itlər onları qovardı. Mən at belində, ətrafımda da bizim həyətin itləri. Taxta qılıncımı da götürərdim. Tam bir don kişot kimi.

Ata minməyə qoymurdu əmim çox. Demişdi ki, əgər at arabasındakı yumurtaları evə qırmadan apara bilsən bir gün, deməli artıq sürməyi öyrənmisən. Səbrli olmalısan deyirdi. Mən isə, atım olmadığı üçün qaçarkən ayaqlarımı yerə bərkdən vurur, ardıyca da əllərimi ayaqlarıma vururdum, beləcə atın dörd ayağının çıxardığı kimi dörd ayaqlı səs alınırdı. Sonra da ağzımla sanki at belindəymişəm kimi atımı səsləyir, qışqırır, rola bürünürdüm. Qaçanda həmişə belə qaçırdım. Əllərimi yanlara çırparaq, ritmlə, at kimi. Sonra bir gün evdə olarkən, öz evimizdə, atam aşağı nəsə gətirməyə göndərdi məni, getdim, atımla qaça qaça, ağzımla da qəribə səslər çıxarırdım. Anam demişdi ki, eləmə. Mən aşağı gedəndə, yəqin atama da dedi ki, o da mənə desin. Yuxarı qayıtdım, atam dedi ki, o nə səslərdi çıxarırsan sən elə? Pisikdim. Səssiz dayandım. Dedi ki, bir də eləmə. Sən artıq böyümüsən. Uşaq deyilsən. Belə şeylər kişiyə yaraşmaz. Halbuki, atamın ayağı qədər belə deyildim. Və atımı almışdılar əlimdən. Artıq atımı ətrafda heç kim yox ikən sürürdüm sadəcə.

Kəndin uşaqları var idi, mənlə yaşıd idilər. Onlar minirdilər ata. Əmim deyirdi ki, onlar məndən zirəkdilər. Mən qorxağam deyirdi. Bilirdim niyə elə deyir. Bir dəfə axşam oçurundan qayıdanda hamı arxın başında yığışmışdı, bir uşağı göstərib dedilər ki, onla savaşın, görək kim yıxır. O uşaqdan qorxurdum. Üzünə baxanda belə qorxurdum. Məndən boyda və yaşda biraz balacaydı. Köynəksiz gəzirdi həmişə. Bədənini günəş qap qara etmişdi. Əzələli idi. Həmişə mənə pis pis baxırdı. Ama əmimə görə sataşmırdı. Indi isə, əmim və dostları deyirdi ki savaşın onla. O uşaq da mənə pis pis baxıb gülümsəyirdi. Sanki yaxşı keçdin əlimə deyirdi. Qorxa qorxa ortaya getdim, o da gəldi. Hamı ətrafımıza yığışıb gözləyirdi. Əmim demişdi ki, həmişə birinci vuran udur. Birinci vur deyirdi həmişə. Əmim çox güclüyüdü. Və gənc idi. Otuzlu yaşlarındaydı. Onu heç kimin döyə bilməyəcəyini düşünürdüm həmişə. Çox iri qolları var idi. O an onun sözlərini düşündüm. Birinci vurmalı idim. Hardan vurmalı idim? Necə vurmalı idim? Niyə vurmalı idim axı? Deyə düşünərkən qulağımın dibinə bir şillə yedim. Və yerə sərildim. Şillənin səsindən qulağım gizildəyirdi. Ağlamaq istəyirdim. Ayağıma tikan batdı deyib durub tez əmimin yanına qaçdım. Hamı gülürdü. Mənim mənliyimi ayaqlar altına alırdılar, və bundan zövq alırdılar. Özümə nifrət etdirirdilər. Və olan qalan özümə inamımı da qırırdılar. Heç bir uşaq belə böyüməməli idi. Niyə belə edirdilər axı? Ağlamaq istəyirdim. Ama ağlasam, daha da çox güləcəkdilər. Beləcə, bütün oğlan uşaqlarının ağlama azadlıqlarını əllərindən alırdılar böyüdükcə. Özümü ağlamamağa öyrəşdiriridim. Ya da heç kim olmayanda ağlayırdım. Əsəbləşirdim. Bu qədər qorxaq olduğum üçün əsəbləşirdim. Qorxaq olmaq istəmirdim. Böyümək istəyirdim mən. Ama qorxaq ikən necə böyüyəcəkdim? Bəs qızlar? Onlar məni heç sevməyəcəkdilər, çünki qorxaq idim. Hələ heç özümü belə qoruya bilmirdim, onları necə qoruyacaqdım? Atımı da almışdılar əlimdən. Görəsən böyüyəndə də qorxaq olacaqdım? Yoxsa əmim kimi mərd olacaqdım? Nə olur olsun, heç vaxt məndən zəif olsa da heç kimi döymək istəmirdim. Çünki döysəm, onda da döydüyüm uşaq da mənim kimi pis hiss edəcəkdi. Heç kimə bu hissi yaşatmaq istəmirdim, haqlı yerə döyəsi olsam belə. Fiziki gücdə gözüm yox idi. Kimisə döymək kimi bir istəyimdə yox idi. Lap istəsəydim belə, əlim gəlməzdi. Axşamlar uşaqlar kənddə arxın başına yığışanda, artıq ora da gedə bilmirdim. Çünki əgər o pis uşaqlar orda idisə, məni məzxərəyə salacaqdılar. Qorxaq deyirdilər. Alçaldırdılar və gülürdülər. Sahib olduğum, tanıdığım bir iki uşağı da belə itirirdim. Və sahib olduğum tək yer olan o təpəyə qayıdaraq oturub yenidən günəşə baxırdım. O təpədən görünən uzaqdakı göylə yerin bitişdiyi yerlərə baxırdım. Bir gün, deyirdim, gedəcəm buralardan. Qorxaq olduğumu heç kimin bilmədiyi yerlərə gedəcəm. Həm bəlkə, böyüyəndə qorxaq da olmaram hə? Necə biri olacaqdım görəsən?

Uşaq vaxtı, çox ağır xəstələnmişdim , sudurğa olmuşdum. Xatırlamıram. Anam qışqırıb küçəyə qaçmışdı. Atam ikinci mərtəbədə pəncərəni düzəldirmiş, tullanıbmış aşağı səsi eşidib. Xəstəxanaya apardılar. Nələr olduğunu xatırlamıram. Dumanlı şəkildə səhnələr yadımdadı sadəcə. Anam deyirdi ki, mənə nə oldusa, o sudurğadan sonra oldu. Ondan əvvəl başqa cür imişəm, qorxmaz imişəm. Ondan sonra isə gecələr tualet evdən aralıda olduğu üçün qaranlığa doğru getməyə belə qorxurdum deyirdi. Ama əvvəl qorxmurmuşam. Deyirdi ki, xəstəlikdən əvvəl çox gözəl şəkil çəkirmişəm. Sonra onu da itirdim. Məktəbdən əvvəl yazmağı bilirmişəm, onları da unudubmuşam. Anam da mənə qorxaq deyirdi. Görəsən doğrudan qorxmurmuşam ondan əvvəl? Necə imişəm görəsən. Yoxsa anam şişirdirdi? Ya da bəlkə də qorxaq uşaq doğurmağın onun günahı olmadığınımı sübut etməyə çalışırdı görəsən? Günahı xəstəliyəmi atırdı? Bilmirdim.

İçimdə bir üsyanla böyüyürdüm. Sanki bir gün bütün bunların acığını çıxma uğruna daha da hirslə yaşayırdım bəzən. Planlar qururdum. Məktəbdə, ibtidai sinifdə də çox şey dəyişmədən qalırdı. Arxa partaların uşaqları idik biz. Mən və mənim kimilər. Kasıblar. Sinifdə çox ironik formada arxadan qabağa doğru bir təbəqələşmə var idi və bu hiss olunurdu. Kasıbdan varlıya doğru. Ən qabaqda varlıların uşaqları oturmuşdu. Ortada biraz ortalar, arxada isə kasıb və daha da kasıblar. Məndən arxada bir parta var idi. Orda oturan uşağın ailəsini belə tanımırdı heç kim. Ilkin. Dostu da yox idi. Ən qabaqda isə, qırmızı partalar var idi. Güya, kimsə dərslərində daha da yaxşı oxuduqca, ora keçirdi, ən yaxşılar. Ama kəmalə deyə bir qız var idi. Oxumurdu. Anası çox zəngin idi. Onu da ora oturtmuşdular. Xətrimizə dəyirdi. Bir şeylər tərs idi. Hər dəfə birinin valideyini gəlib uşağının arxadan lövhəni yaxşı görə bilmədiyini deyib, gözünün zəif olduğunu deyib qabağa keçirirdi uşağını. Müəllimin verdiyi suala cavab vermək üçün əl qaldıranda isə, həmişə qabaqdakı uşaqlardan alırdı cavabı müəllim. Sanki bizi heç görmürdü. Sanki yox idik. Bir gün fasilə vaxtı çöldə idik bütün uşaqlar. Və bir iki nəfər uşaq həyətdəki qarışqa yuvalarını dağıdaraq əylənirdilər. Pis uşaqlar idilər onlar. Tanıyırdım. Fərid var idi aralarında. Sinifdəki ən güclü uşaq idi. Iri kürəyi, iri çiyinləri var idi. Dayana bilmədim və yanlarına getdim. Itələdim onları. Döyüləcəyimi bilərək getmişdim. Ama getmişdim. Qarışqaları buraxıb məni döydülər. Yuxarı sinif müəllimlərindən biri görüb gəlib ayırmışdı bizi. Hamımıza bir şillə vurmuşdu. Sonralar, o müəllimin ən yaxşı şagirdi olmuşdum. Tale çox qəribə bir formada bizi birləşdirmişdi illər sonra. Və o müəllimin dərsində, ən qabaqda artıq mən otururdum. Onu sevirdim, özünə görə bir ədalət sistemi var idi. Və varlı valideyinlərin istəkləri çox da vecinə deyildi. Buna görə hətta direktorla da arası yaxşı deyildi. Heç bir müəllim sevmirdi onu. Ortaq bir tərəfimiz var idi deyəsən onunla. Orda etdiyim mərdliyə görə özümlə fəxr etmişdim. Qarışqa yuvalarının yarısı dağılmadan qala bilmişdi. Fəridlə isə düşman olmuşduq. Və sonrakı hər ildə məni yəqin ki ən az bir dəfə bəhanə yaradaraq nəyə görəsə yenidən döymüşdü. Hər il daha da güclənirdi.

Ibtidai sinifi də əzilən olaraq keçirirdim. Çox da dostum yox idi. Yayları yenə kəndə göndərilirdim. Evimizin arxasında bir çala var idi. Deyilənə görə kür suyunu dəyişmədən əvvəl bura onun yatağı imiş. Boş vaxtlarımda ora gedirdim. Və çala ilə söhbət edirdim. Ad da vermişdim. Sahib olduğum üç dostun və mənim baş hərflərimin birləşməsi idi. Ama bunu onlar bilmirdilər. Heç vaxt da bilmədilər. Biz rayonun kənarında həyət evlərində qalırdıq. Bir də rayonun özündə qalanlar var idi, Binalarda ya həyət evlərində. Sinifdəki uşaqların çoxu orda qalırdılar. Bir birini tanıyırdılar. Birlikdə oynayırdılar. Arxa partadakılar isə, hərəsi bir yaxın kənddən idi. Dərs olmayan vaxtı oynayacaq çox da bir sinif yoldaşı yox idi yaxınımda. O çalaya gedirdim. Sonralar özümə qamışları iplə bağlayaraq qayıq kimi bir şey düzəltmişdim. Suyun üstündə qalırdı. Onla o çalada üzürdüm. Sanki ora mənim ərazim idi. Sadəcə mənim. Heç kimin girə bilmədiyi. Və tək dostum. Özümü orda, əmimin tut ağacının başından gördüyü həmin dənizin o tayına keçə bilmək üçün hazırlayırdım sanki. Keçə bilərmiydim o balaca qayığımla o dənizi görəsən? Hər dəfə evdən yanıma yeyəcək kiçik şeylər və kitab götürüb qayığıma gediridm. Onu çalanın ən orta yerinə aparıb orda saxlayır, uzanıb oxuyurdum. Sanki nələrdənsə qaçırdım. Sanki nələrdəsnə qorunurdum. Sanki nələrsə məni uzaqlaşdırırdı. Bir gün yenə çalaya gələndə, qayığımın yerində olmadığını gördüm. Çalanın başına fırlanıb bir kənarında parçalanmış halda tapdım. Pis uşaqlar etmişdi onu. Bilirdim. Tanıyırdım onları. Bizdən iki küçə aralıda qalırdılar. Məni bir dəfə görmüşdülər çalanın o biri tərəfindən, istəmişdilər, verməmişdim, bilirdim getsəm alacaqlar əlimdən. Bizim tərəfdən gəlib oğurlayıb sürüb sonra da parçalamış olmalı idilər. Pis uşaqlar. Hər yerdəydilər.

Artıq əsəbləşmirdim. Dünyanın belə bir yer olduğu qənaətinə gəlir və bununla razılaşmaq məcburiyyətində olduğumu başa düşürdüm. Və artıq dosta da ehtiyacım yox idi. Kitablarla tanışmışdım. Tom savyeri və balaca şahzadənin macəralarını oxuyurdum. Sanki bir dünyanın qapıları aralanmışdı və xoşbəxt hiss ediridm. Sanki həmişə istədiyim dostları tapmışdım. Oxuduqca oxuyurdum. Mən də onlar kimi macəralar yaşamaq istəyirdim. Evdən qaçma hekayəsini oxumuşdum bir dəfə. Həyəcanlanmışdım. Və mən də evdən qaçmaq istəyirdim. Qaçacaqdım da, sadəcə uyğun vaxtı gözləyirdim. Hekayələri çox sevirdim, bir gün bəlkə mən də, elə hekayələr yazaram deyə düşünürdüm. Evdəki kitabları oxuduqdan sonra bir dəfə ad günümdə atam məni bir kitabçıya apardı. Altı kitab birdən almışdı. Yadımdadı. Altı kitab! Hamısı da qalın qalın nağıl kitabları idi. Bir il oxusam bitməzdilər deyə düşünürdüm. Kasıb idik, və bu qədər kitabı aldığı üçün atama minnətdar hiss edirdim. Onun üçün böyük şey olmalı idi. Elə mənim üçün də eləydi. Sonra o kitablar da bitdi, rayon kitabxanasına yazılmışdım. Hər dəfə bir aylığına üç kitab götürə bilirdin. Möhtəşəm idi. Geniş kitab rəfləri var idi. Aralarına girəndə itirdim az qala. Hər dəfə mütləq ən az üç kitab götürürdüm. Əvvəllər yanında bir nəfər işçi səninlə gəzirdi kitablara baxanda. Sonra məni artıq tanıyırdılar, gedib nə istəsəm götürürdüm tək. Bir gün çox sevdiyim bir kitabı oxuyub qaytarmışdım. Ama həmişə mənim olsun istəyirdim. Və bir gün başqa kitab almağa gedəndə o kitabı oğurladım. Üç kitab götürdüm yenə, diqqət çəkməmək üçün. O kitabı da arxada köynəyimin altından kəmərlə belimin arasına keçirdim. Yeriyərkən arxadan düşməsindən çox qorxurdum deyə belimi tərpətməmək üçün çox qəribə formada yeriyib qeydiyyat yerinə yaxınlaşdım. Üç kitabı verdim. Yazdılar. Çıxdım. Uzaqlaşana qədər hələ də qıp qırmızı hiss edirdim və qorxumdan arxaya baxmırdım. O kitabı onsuz da orda heç kimin oxumadığını düşünərək etdiyim hərəkətin səhv olmadığını təkrarlayırdım özümə, təsəlli verirdim. Evə çatdım və kitabı bağrıma basdım. Axşam, kitabı yastığımın altına qoyub yatdım. O gecə xoşbəxt yatmışdım. Ondan sonra isə, kitab oğurlamaq adət halına gəldi. Hər dəfə olduğu kimi üç kitabı aparıb, üç kitab götürürdüm. Və belimə də əlavə iki ya üç kitab keçirirdim. Artıq öyrəşmişdim, peşəkar kimi hərəkət edirdim. Uzun paltom var idi onu geyinirdim gedəndə, arxadan köynək qabarıq görülmürdü beləcə. Özümə haqq da qazandırırdım heç kimin o kitabları oxumadığını deyərək. Kitabxanadakılar isə, məni çox sevirdilər. Dediklərinə görə ən çox kitab alanlardan biri idim. Məni tanıyırdılar. Belə bir şey edəcəyim ağıllarına belə gəlməz deyə düşünür və rahatlayırdım. Bir nöqtədən sonra evdə kitabxana möhürü olan kitabların sayı artmağa başlamışdı, artıq evdəkilərdən də gizlədirdim onları.Bilirdim ki, bilsələr pis olar. Evdəkilər ikili münaqişələrdə məni heç vaxt müdafiə etməmişdilər, mən nədəsə haqqlı belə olmuş olsaydım, qarşı tərəf müdafiə olunub mən cəzalandırılırdım. Bəzən döyülürdüm. Onsuz da bütün azadlıq pəncərələrim bağlanırdı. Hətta gülməlidir ki bir dəfə anam, yolda tapdığım hər əşyanı, zir-zibili cibimə yığıb evə gətirib bir küncə yığırdım deyə ciblərimi tikmişdi. Hər dəfə əlimi cibimə salmaq istəyəndə əlim sürüşüb aşağı gedirdi. Qəribə hiss edirdim. Bu cəzanı haqq edəcək nə etmişdim deyə düşünürdüm. Bir dəfə də yeni bir coğrafiya kitabı çıxmışdı. Dərsdən əlavə çox yaxşı hazırlanmış kitab idi. Bahalı idi. Varlı uşaqlarının hamısında var idi, oxumasalar belə varları idi. O kitabı almağı çox istəyirdim. Bu həm də coğrafiyaya olan sevgimdən irəli gəlirdi. Dənizlər, qitələr, ölkələr və dünya. Istədiyim hər şey var idi o coğrafiya kitabında. Aldılar o kitabı mənə. Normalda kitablarda cümlələrin altını qələmlə cızsam da  o kitabı gözüm kimi qoruyurdum. Heç bir səhifəsini qatlamamışdım qəti. Bir gün evdəkilər toya gedirdilər. Mən getmək istəmədiyimi deyərək otağıma çəkilib o kitabı oxuyurdum. Atam girdi otağa. Toya niyə getmək istəmədiyimi soruşdu. Bilmirəm dedim. Istəmirəm. Dur ayağa gedirik dedi. Getmirəm dedim. Ilk kiçik etirazlarımı göstərirdim sanki. Birdən əli ilə stolumu tutub qaldırıb divara çırpdı. Üstündəki hər şey dağıldı. Bütün kitablar yerlə bir oldu. Stolumun üstünü xüsusi qayğı ilə düzürdüm. Dəftərlər bir tərəfdə, kitalar bir tərəfdə, qələmlər ayrı. Hamısı yerlə bir oldu. Və bəhs etdiyim coğrafiya kitabının üz qabığı cırılıb yerə düşmüşdü. Göz yaşlarıma hakim ola bilməyərək yerdəki kitabın üstünə tullandım. Vurma nə olar deyirdim. Kitablarıma dəymə nə edirsən et. Çox pis olmuşdum. Göz bəbəyim kimi qoruyurdum o kitabı ancaq bir anda iki parça olmuşdu. Sanki dostumu öldürmüşdülər. Reaksiyam qeyri-adi idi. Özümdən asılı deyildi. Əşyalara daha çox bağlanırdım. Dostumun olmaması məni onlarla daha da yaxınlaşdırırdı. Atam buna daha da əsəbləşib qışqırmağa başladı. Bu uşaq axı niyə belədi deyə qışqırırdı. Anam onu çölə çıxartmağa çalışırdı. Niyə camaata qaynayıb qarışmır niyə cəmiyyət içinə çıxmırsan axı sən deyə davam edirdi atam. Cavab sadə idi, çünki istəmirdim.

Beləcə illər keçirdi. Iki dost tapmışdım özümə. Ancaq, ironik bir formada, sonradan onların ikisi də məni döyərək dostluğumuzu bitirmişdilər. Həyata deyəcək sözüm qalmamışdı artıq. Məəttəl qalmışdım. Dostlarım da məni döyürdü. Sanki başımın üstündə qara bir bulud var idi. Istdədiyim çox bir şey yox idi, kasıb olsaq da, çoxlu pulum olmasını istəmirdim məsələn. Dostlar istəyirdim, özüm kimi dostlar, ünsiyyətə girə biləcəyim dostlar. Böyümək istəyirdim. Azad olmaq. Kitablar yazmaq istəyirdim böyüyüm. Hekayələri sevirdim, və yazmaq istəyirdim. Çoxlu ölkələr görmək istəyirdim birdə. Və əlbətdəki qızlar, onları çox sevirdim.

Ancaq, yuxarı siniflərə qalxdıqca, sanki hər şey tərsinə dönürdü və həyat üzümə gülməyə başlayırdı. Müəllimlərin ən dəyərli tələbələrindən biri olmağa başlayırdım. Fələyin ayağını qırırdım sanki. Yenə də, pis hadisələr yaxamı buraxmırdı bəzən. Məni ilk sevən qızı tapmışdım deyəsən. Yəni əgər yalan demirdisə. Məndən də böyük idi həmdə, bir neçə yaş. Bir gün məktəbdəki kitabxananın koridorunda tənha bir küncdə onunla görüşmüşdük yenə. Orda onu öpdüm ilk dəfə. Elə təzəcə öpmüşdüm ki, arxadan bir kişi qışqırdı üstümüzə, döndüm, direktor. Bir şillə. Qıza abırsız, tərbiyyəsiz kimi sözlər deyərək qovdu. Mənim qulağımı dartdı, sonra bir dənə də şillə vurdu. Axşam da evdə atam vurdu. Ona yalan dediyim üçün bir daha da vurdu. Sevdiyin qızı öpməyin cəzası bu qədər ağır olmamalı idi. O qədər uzun vaxt gözlədiyim ilk sevgilimi beləcə məndən uzaqlaşdırdılar.

Sonra bir daha, o xarabadan rədd olub getmə istəyimin nə qədər yerində olduğunu anlayaraq özümü sakitləşdirdim. Və özümü bilinməz gələcəyə doğru hazırlamağa başladım.

(ardı var..)

Xancan Kərimovtimidus, 18 iyun 2016.

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma